Banklar strateji layihələrlə beynəlxalq kapital arasında körpü rolunu oynaya bilər

siyahıya qayıt

Dövlət bankı Azər Türk Bank Alman – Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) təşkilatçılığı ilə Bakıda keçirilən Alman – Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransında eksklüziv platinum tərəfdaş qismində iştirak edir.

Tədbirdə Almaniya və Azərbaycanın dövlət qurumlarının, biznes dairələrinin, beynəlxalq maliyyə institutlarının və digər təşkilatların nümayəndələri iştirak edirlər.

Konfrans “Orta Dəhliz boyunca infrastruktur, nəqliyyat, logistika, yaşıl enerji və rəqəmsallaşma üçün maliyyə vəsaitlərinin səfərbər edilməsi” mövzusuna həsr olunub.

Azər-Türk Bankı konfransda İdarə Heyəti sədrinin müavini, Baş kommersiya inzibatçısı Fərid Quliyev təmsil edib. Fərid Quliyev çıxışında müzakirə olunan mövzularla bağlı Bankın mövqeyini bildirib.

Belə ki, Orta Dəhlizin artan strateji əhəmiyyəti, irimiqyaslı infrastruktur və enerji layihələrinin maliyyələşdirilməsində bank sektorunun mühüm rolu, eləcə də beynəlxalq kapitalın cəlb olunması üçün layihələrin maliyyə baxımından dayanıqlı strukturunun yaradılmasının vacibliyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Qeyd edilib ki, Azər-Türk Bank dayanıqlı inkişafı və yaşıl layihələri gələcək iqtisadi artımın mühüm hərəkətverici qüvvələrindən biri hesab edir. Bank,Azərbaycanın layihə imkanlarının Almaniyanın texnologiya, maliyyə və ekspertizası ilə birləşdirilməsi hər iki tərəf üçün yeni əməkdaşlıq imkanları yaradacağına əmindir.

Azər-Türk Bankın Alman – Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransında eksklüziv platinum tərəfdaş kimi iştirakı Bankın dayanıqlı iqtisadi inkişafın, beynəlxalq biznes əməkdaşlığının və ölkənin strateji layihələrinin maliyyələşdirilməsi istiqamətində dialoqa verdiyi töhfənin davamıdır.

06.10.2026