Hörmətli kart sahibləri,
Bildiyiniz kimi, internet vasitəsilə alış-veriş zamanı daxil edilmiş kart məlumatlarını, gələcəkdə əməliyyatların rahat yerinə yetirilməsi üçün, veb-saytın yaddaşında saxlamaq tərcih edilir. Bir çox kart sahibləri isə digər şəxslərin əlinə keçəcəyindən ehtiyat etdiyi üçün məlumatları saytın yaddaşında saxlamaqdan çəkinirlər.
Bunu nəzərə alaraq, Mastercard onlayn ödənişlər zamanı təhlükəsizliyin artırılması və eyni zamanda onlayn satıcılara kart məlumatlarının güvənli saxlanılmasına dəstək məqsədilə M4M xidmətini (Satıcılar üçün Mastercard Rəqəmsal Aktivləşdirmə Xidməti) təqdim etmişdir.
Bu layihə satıcılara öz serverlərində saxlanılan alıcının fiziki kartının üzərindəki 16 rəqəmin rəqəmsal ödəniş əməliyyatları üçün istifadə edilə bilən unikal rəqəmlərlə (token) əvəzlənməsinə imkan yaradır. Belə olduqda rəqəmsallaşmış kart nömrələri (token) oğurlansa belə, heç bir halda istifadəsi mümkün deyil.
Müştərilərinin kart təhlükəsizliyini prioritet hesab edən Azər Türk Bank Mastercard kart sahiblərinin bu üstünlükdən yararlanması üçün Mastercard Rəqəmsal Aktivləşdirmə Xidmətinə qoşulmuşdur.
Belə ki, kart sahibi kart məlumatlarını onlayn əməliyyatlar etdiyi saytlarda (məsələn: Amazon, Bolt, Microsoft, PayPal, Wolt, Stripe və s.) saxladığı zaman, yuxarıda qeyd edildiyi kimi, Mastercard tərəfindən rəqəmsal kart (token) formalaşdırılır və bu barədə banka məlumat verilir. Bank da öz növbəsində bunu müştəriyə sms göndərərək bildirir (məsələn: ***1234 nömrəli kartınız Amazon-a əlavə edildi). Gələcəkdə kart sahibi ödəniş zamanı yaddaşda saxlanılmış rəqəmsal kart (token) vasitəsilə ödəniş etdikdə Mastercard tərəfindən həmin tokenin hansı banka aid olduğu müəyyən edilir və ödənişin təsdiqi üçün kartın aid olduğu banka sorğu göndərir. Nəticədə elektron ticarət əməliyyatı prosesi asanlaşır və məlumatların oğurlanması riski əhəmiyyətli dərəcədə azalır.