apellyasiya şurası

diqqət: apellyasiya şurasında yalnız sahibkarlıq fəaliyyəti göstərən fiziki (fərdi sahibkar) və hüquqi şəxslərin özlərinin (şəxsi) sahibkarlıq fəaliyyətləri ilə bağlı şikayətlərinə baxılır

fərman

Dövlətə məxsus olan hüquqi şəxslərdə apellyasiya şuralarının yaradılması haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılmada şəffaflığın, obyektivliyin və operativliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədi ilə qərara alıram:

  1. Dövlətə məxsus olan hüquqi şəxslərdə apellyasiya şuraları yaradılsın.
  2. “Dövlətə məxsus olan hüquqi şəxsin Apellyasiya Şurası haqqında Nümunəvi Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
  3. Müəyyən edilsin ki:

3.1. “dövlətə məxsus olan hüquqi şəxs” dedikdə:

3.1.1. paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan səhmdar cəmiyyəti, məhdud məsuliyyətli cəmiyyət və digər təşkilati-hüquqi formada fəaliyyət göstərən kommersiya hüquqi şəxsi;

3.1.2. dövlətin yaratdığı qeyri-kommersiya hüquqi şəxsi və publik hüquqi şəxs nəzərdə tutulur;

3.2. bu Fərmanın 1-ci hissəsi dövlətə məxsus olan hüquqi şəxslərin özlərinin, həmçinin mərkəzi və yerli icra hakimiyyəti orqanlarının tabeliyindəki hüquqi şəxslərə şamil edilmir.

  1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

  1. Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası bu Fərmandan irəli gələn məsələləri həll etsin.
  2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 may 2019-cu il

№ 681

əsasnamə

Azərbaycan Respublikası Prezidentinin
2019-cu il 6 may tarixli 681 nömrəli Fərmanı ilə
təsdiq edilmişdir

Dövlətə məxsus olan hüquqi şəxsin Apellyasiya Şurası haqqında Nümunəvi Əsasnamə

  1. Ümumi müddəalar

1.1. Dövlətə məxsus olan hüquqi şəxsin Apellyasiya Şurası (bundan sonra ‒ Apellyasiya Şurası) sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı dövlətə məxsus olan hüquqi şəxsin, onun strukturuna daxil olan qurumların və tabeliyindəki digər qurumların, o cümlədən publik hüquqi şəxslərin, qeyri-kommersiya hüquqi şəxslərinin, paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə həmin hüquqi şəxsə məxsus olan kommersiya hüquqi şəxslərinin (bundan sonra ‒ dövlətə məxsus olan hüquqi şəxs) qərarlarından, digər hərəkət və ya hərəkətsizliyindən (bu Əsasnamənin 1.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla) verdikləri şikayətlərə (bundan sonra ‒ şikayət) baxan, ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərən kollegial orqandır.

1.2. Apellyasiya Şurası öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikasının digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin aktlarını, bu Əsasnaməni və digər normativ hüquqi aktları rəhbər tutur.

1.3. Apellyasiya Şurası öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, habelə hüquqi və fiziki şəxslərlə qarşılıqlı surətdə fəaliyyət göstərir.

1.4. Bu Əsasnamənin məqsədləri üçün “şikayət” dedikdə sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı dövlətə məxsus olan hüquqi şəxsin qərarlarından, digər hərəkətlərindən və ya hərəkətsizliyindən Apellyasiya Şurasına verdikləri yazılı müraciət başa düşülür.

1.5. Apellyasiya Şurası öz fəaliyyətini qanunçuluq, şəffaflıq, kollegiallıq və qərəzsizlik prinsipləri əsasında qurur.

1.6. Dövlətə məxsus olan hüquqi şəxsin rəhbərliyinin və Aparatının vəzifəli şəxslərinin qərarlarından, digər hərəkət və ya hərəkətsizliyindən Apellyasiya Şurasına verilmiş şikayətlərə həmin hüquqi şəxsin Apellyasiya Şurasında baxılır.

1.7. Dövlətə məxsus olan hüquqi şəxsin strukturuna daxil olan qurumların və tabeliyindəki digər qurumların vəzifəli şəxslərinin qərarlarından, digər hərəkət və ya hərəkətsizliyindən Apellyasiya Şurasına verilmiş şikayətlərə Apellyasiya Şurasında o halda baxılır ki, eyni məzmunlu şikayətə, ilkin olaraq, dövlətə məxsus olan həmin hüquqi şəxsin özündə baxılmış olsun.

1.8. Şikayətə aşağıdakı hallarda Apellyasiya Şurasında baxıla bilməz:

1.8.1. şikayət bu Əsasnamənin 1.1-ci bəndində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda;

1.8.2. şikayət korrupsiya ilə əlaqədar hüquqpozmalara aid olduqda və ya şikayətə baxılarkən aidiyyəti vəzifəli şəxslərin əməllərində korrupsiya ilə əlaqədar hüquqpozma əlamətləri müəyyən edildikdə (həmin əlamətlərə aid hissədə);

1.8.3. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət vermiş şəxs (şəxslər) barəsində şikayətdə göstərilmiş əsaslar üzrə Apellyasiya Şurası və ya Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası tərəfindən əvvəllər qərar qəbul olunduğu müəyyən edildikdə;

1.8.4. şikayətin predmeti üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda;

1.8.5. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 3.2.2-ci, 72.2-ci, 75.1.3-cü və 75.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda.

  1. Apellyasiya Şurasının vəzifələri

2.0. Apellyasiya Şurasının vəzifələri aşağıdakılardır:

2.0.1. Apellyasiya Şurasına daxil olan şikayətlər üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparmaq, mahiyyəti üzrə baxılmış şikayətlərə dair əsaslandırılmış yazılı qərar qəbul etmək, mahiyyəti üzrə baxılmamış şikayətlərə dair isə şikayətçiyə yazılı məktub göndərmək;

2.0.2. şikayət vermiş şəxsləri (onların səlahiyyətli nümayəndələrini) və dövlətə məxsus olan hüquqi şəxsin aidiyyəti vəzifəli şəxslərini Apellyasiya Şurasının iclaslarına dəvət etmək;

2.0.3. Apellyasiya Şurasının qəbul etdiyi qərarların icrasına nəzarət etmək;

2.0.4. Apellyasiya Şurasında baxılan şikayətlərin uçotunu aparmaq, onları təhlil etmək, ümumiləşdirmək və ildə iki dəfə (iyul ayının 15-dək və yanvar ayının 15-dək) dövlətə məxsus olan hüquqi şəxsin rəhbərinə və tələb olunan formada Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasına yarımillik və illik arayışlar (hesabatlar) təqdim etmək;

2.0.5. fəaliyyəti zamanı insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq;

2.0.6. qanunvericiliyə uyğun olaraq dövlət və kommersiya sirrinin, habelə qanunla açıqlanması və yayılması qadağan edilən digər məlumatların qorunması üçün zəruri tədbirlər görmək;

2.0.7. Apellyasiya Şurasının qəbul etdiyi qərarlarla bağlı izah vermək;

2.0.8. qanunla və Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

  1. Apellyasiya Şurasının hüquqları

3.0. Öz vəzifələrini yerinə yetirmək üçün Apellyasiya Şurasının aşağıdakı hüquqları vardır:

3.0.1. Apellyasiya Şurasına daxil olan şikayətlərlə əlaqədar icra hakimiyyəti orqanlarına, yerli özünüidarəetmə orqanlarına və qeyri-hökumət təşkilatlarına, digər hüquqi və fiziki şəxslərə şifahi və ya yazılı, o cümlədən elektron sorğular göndərmək (müraciətlər etmək), onlardan zəruri sənədləri və məlumatları almaq;

3.0.2. şikayət vermiş şəxslərin (onların səlahiyyətli nümayəndələrinin), dövlətə məxsus olan hüquqi şəxsin aidiyyəti vəzifəli şəxslərinin, habelə digər əlaqəli şəxslərin iştirakı ilə araşdırma aparmaq, onlardan izahatlar almaq;

3.0.3. Apellyasiya Şurasına daxil olan şikayətlərin araşdırılması zamanı aşkarlanmış nöqsan və pozuntuların aradan qaldırılması ilə bağlı dövlətə məxsus olan hüquqi şəxsin vəzifəli şəxslərinə yazılı göstərişlər vermək;

3.0.4. Apellyasiya Şurasına daxil olan şikayətlərin araşdırılması zamanı dövlətə məxsus olan hüquqi şəxsin vəzifəli şəxslərinin öz xidməti fəaliyyətinin icrası ilə bağlı kobud nöqsanlara yol verməsi, habelə hüquqi aktları pozması halları aşkar edildikdə, həmin şəxslərin məsuliyyətə cəlb olunması məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görülməsi üçün məsələ qaldırmaq və nəticəsi barədə məlumat almaq;

3.0.5. Apellyasiya Şurasının fəaliyyətinin səmərəliliyinin artırılması üçün təkliflər vermək;

3.0.6. təhlillər və ümumiləşdirmələr aparmaq, şikayətlərin araşdırılması zamanı aşkar edilmiş nöqsanların, çatışmazlıqların aradan qaldırılması ilə bağlı təkliflər vermək;

3.0.7. Apellyasiya Şurasının qərarlarının yerinə yetirilməsinin monitorinqini aparmaq və buna nəzarət etmək, habelə nöqsanların aradan qaldırılması üzrə tədbirlər görmək;

3.0.8. Apellyasiya Şurasının fəaliyyətinə ekspert, mütəxəssis və məsləhətçilər cəlb etmək;

3.0.9. qanunla və Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

  1. Apellyasiya Şurasının fəaliyyətinin təşkili

4.1. Şuranın tərkibini (sədrini və digər altı üzvünü) dövlətə məxsus olan hüquqi şəxsin rəhbəri müəyyən edir. Apellyasiya Şurasının sədri dövlətə məxsus olan hüquqi şəxsin rəhbərinin müavinlərindən biri olmalıdır. Dövlətə məxsus olan hüquqi şəxsin rəhbərinin müavini olmadıqda, Apellyasiya Şurasının sədri vəzifəsinə dövlətə məxsus olan hüquqi şəxsin icra orqanının digər üzvü, o da olmadıqda isə Aparatın rəhbəri təyin edilir.

4.2. Apellyasiya Şurasının sədri:

4.2.1. Apellyasiya Şurasının işini təşkil edir və ona rəhbərliyi həyata keçirir;

4.2.2. Apellyasiya Şurasının adından çıxarılan qərarları, məktubları və Apellyasiya Şurasının fəaliyyəti ilə bağlı digər sənədləri imzalayır;

4.2.3. Apellyasiya Şurasının digər üzvlərinin, habelə Apellyasiya Şurası Katibliyinin rəhbərinin və tərkibinin təsdiq edilməsi ilə bağlı dövlətə məxsus olan hüquqi şəxsin rəhbərinə təqdimatlar (təkliflər) verir;

4.2.4. Apellyasiya Şurasının iclaslarının gündəliyini, reqlamentini müəyyənləşdirir və keçirilən iclaslara sədrlik edir;

4.2.5. Apellyasiya Şurasının səlahiyyətlərinə aid məsələləri baxılmaq üçün Şuranın iclaslarına çıxarır;

4.2.6. Apellyasiya Şurasını təmsil edir.

4.3. Apellyasiya Şurası üzvlərinin hüquq və vəzifələri aşağıdakılardır:

4.3.1. Apellyasiya Şurasının iclaslarında və fəaliyyətində iştirak etmək;

4.3.2. Apellyasiya Şurasına daxil olan şikayətlərlə əlaqədar hərtərəfli, tam və obyektiv araşdırma aparmaq;

4.3.3. Apellyasiya Şurasına daxil olan şikayətlərlə əlaqədar münasibət bildirmək, rəy və təkliflər vermək;

4.3.4. Apellyasiya Şurasına daxil olan şikayətlərlə əlaqədar ilkin araşdırma üçün təqdim edilmiş sənədlərin (toplanmış materialların) kifayət olmadığı qənaətinə gəldikdə, əlavə sənədlərin əldə edilərək araşdırma materiallarına daxil olunmasını tələb etmək;

4.3.5. Apellyasiya Şurasına daxil olan şikayətlərlə əlaqədar Apellyasiya Şurasının adından qərar qəbul edilməsi ilə bağlı səsvermədə iştirak etmək;

4.3.6. Apellyasiya Şurası iclasının protokolu ilə tanış olmaq və protokola qeydlər təklif etmək;

4.3.7. Apellyasiya Şurasının qərarı ilə razılaşmadıqda bu barədə özünün əsaslandırılmış xüsusi rəyini yazılı şəkildə təqdim etmək;

4.3.8. Apellyasiya Şurasının iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmaq;

4.3.9. Apellyasiya Şurasının səlahiyyətlərinə aid təşkilati məsələlər barədə təkliflər vermək;

4.3.10. icra intizamına ciddi əməl etmək;

4.3.11. bu Əsasnamədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək və hüquqları həyata keçirmək.

4.4. Apellyasiya Şurasının cari fəaliyyətinin təşkili üçün Apellyasiya Şurasının Katibliyi (bundan sonra ‒ Katiblik) yaradılır. Katibliyin rəhbərini və tərkibini Apellyasiya Şurası sədrinin təqdimatı (təklifi) əsasında dövlətə məxsus olan hüquqi şəxsin rəhbəri təsdiq edir.

4.5. Apellyasiya Şurasının sədri və ya digər üzvü baxılan şikayətin əvvəllər Apellyasiya Şurasından kənar həllində bilavasitə iştirak etmiş olduqda və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsində nəzərdə tutulmuş hallarda Apellyasiya Şurasını bu barədə məlumatlandırmalı və həmin şikayətə baxılmada iştirak etməməlidir.

4.6. Katiblik:

4.6.1. Apellyasiya Şurasına daxil olan müraciətlərlə əlaqədar təşkilati tədbirləri həyata keçirir;

4.6.2. Apellyasiya Şurasına daxil olan şikayətləri qanunvericiliyin və bu Əsasnamənin tələblərinə uyğunluğu baxımından yoxlayır, onlar müvafiq tələblərə uyğun olduğu halda iş üzrə bütün zəruri sənədlərin (materialların) 3 iş günündən gec olmayaraq Katibliyə təqdim edilməsi üçün dövlətə məxsus olan hüquqi şəxsə müraciət edir;

4.6.3. dövlətə məxsus olan hüquqi şəxsin təqdim etdiyi sənədlərin (materialların) tamlığını bu Əsasnamənin 4.6.2-ci yarımbəndinə müvafiq olaraq yoxladıqdan sonra toplanmış sənədləri (materialları) Apellyasiya Şurasının sədrinə və rəy verilməsi üçün Şuranın digər üzvlərinə göndərir;

4.6.4. bu Əsasnamənin 4.8-ci bəndinə əsasən təqdim edilmiş rəyləri ümumiləşdirir və Apellyasiya Şurasının sədri ilə razılaşdırmaqla, Apellyasiya Şurasının iclaslarını təşkil edir;

4.6.5. Apellyasiya Şurasının iclaslarının keçiriləcəyi vaxt barədə Apellyasiya Şurasının üzvlərinə, habelə bu Əsasnamənin 3.0.2-ci yarımbəndində göstərilən şəxslərə iclasa ən azı 3 iş günü qalmış məlumat verir;

4.6.6. Apellyasiya Şurasının iclasının protokolunu tərtib edir və imzalanmaq üçün Apellyasiya Şurasının sədrinə təqdim edir;

4.6.7. Apellyasiya Şurasının qərarlarının (məktublarının, digər sənədlərinin) layihəsini hazırlayır, baxılmaq və imzalanmaq üçün Apellyasiya Şurasının sədrinə təqdim edir;

4.6.8. Apellyasiya Şurasının qərarlarının (məktublarının, digər sənədlərinin) aidiyyəti üzrə göndərilməsini təmin edir;

4.6.9. Apellyasiya Şurasında baxılan şikayətlərin uçotunu aparır, onları təhlil edir, ümumiləşdirir və nəticəsi barədə Apellyasiya Şurasının sədrinə yarımillik və illik arayışlar (hesabatlar) təqdim edir;

4.6.10. Apellyasiya Şurasına daxil olan şikayətlər barədə zəruri məlumatları tələb olunan qaydada “Elektron hökumət” portalındakı “Dövlətə məxsus olan hüquqi şəxslərin apellyasiya şuralarına müraciətlərin elektron qəbulu sistemi”nə daxil edir, habelə Apellyasiya Şurasının iclaslarında baxılan məsələlər barədə məlumatı dövlətə məxsus olan hüquqi şəxsin rəsmi internet saytı vasitəsilə yayır;

4.6.11. Apellyasiya Şurasının fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, siyahısı qanunla müəyyən edilmiş açıqlanmalı olan informasiyanın dövlətə məxsus olan hüquqi şəxsin rəsmi internet saytında yerləşdirilməsini və daim yenilənməsini təmin edir;

4.6.12. Apellyasiya Şurası sədrinin göstərişlərini icra edir;

4.6.13. Apellyasiya Şurasının protokollarının və qərarlarının əsllərini, habelə şikayətlərlə bağlı Apellyasiya Şurasına daxil olmuş və toplanmış sənədləri saxlayır;

4.6.14. bu Əsasnamədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir və hüquqları həyata keçirir.

4.7. Katibliyin rəhbəri və tərkibinə daxil olan şəxslər icra intizamına ciddi əməl etməlidirlər.

4.8. Bu Əsasnamənin 4.6.3-cü yarımbəndində nəzərdə tutulan rəylər 2 iş günündən gec olmayaraq təqdim edilməlidir. Təqdim edilən rəylər əsaslandırılmalı, aydın və birmənalı şəkildə ifadə olunmalıdır.

4.9. Apellyasiya Şurasının iclası keçirilənədək bu Əsasnamənin 1.8-ci bəndində nəzərdə tutulan hallardan biri müəyyən edildikdə, Apellyasiya Şurasında şikayətə mahiyyəti üzrə baxılmır və bu Əsasnamənin 5.6-cı və 5.7-ci bəndlərinə uyğun olaraq tədbirlər görülür.

4.10. Dövlətə məxsus olan hüquqi şəxsin Apellyasiya Şurasının qərarları, digər hərəkət və hərəkətsizliyi barədə şikayət üzrə sənədlərin (materialların) Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının Katibliyinə təqdim edilməsinə dair yazılı və ya şifahi sorğu daxil olduqda, dövlətə məxsus olan hüquqi şəxsin Apellyasiya Şurasının Katibliyi tələb olunan sənədləri, o cümlədən Apellyasiya Şurasında baxılmış şikayəti, Apellyasiya Şurasının qərarını, iclasının protokolunu, videoçəkilişini, üzvlərinin rəylərini, habelə şikayət üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarının olub-olmaması, dövlətə məxsus olan hüquqi şəxsin və ya onun Apellyasiya Şurasının qərarından, digər hərəkət və ya hərəkətsizliyindən məhkəməyə şikayət verilib-verilməməsi, cinayət təqibi, inzibati xətalara dair işlər üzrə icraatın olub-olmaması barədə məlumatları və digər sənədləri (materialları) elektron qaydada (skan edilmiş şəkildə) 5 iş günündən gec olmayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının Katibliyinə təqdim etməlidir. Bu sorğunun vaxtında yerinə yetirilməməsi və ya natamam yerinə yetirilməsi Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının fəaliyyətinə maneə kimi qiymətləndirilir.

4.11. Apellyasiya Şurasının sədri, digər üzvləri və (və ya) Katibliyinin rəhbəri Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının iclasına dəvət olunduqda iclasda iştirak etməlidirlər.

4.12. Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının qərarı daxil olduqda, həmin qərarın bir ay müddətində (bu qərarda ayrı müddət nəzərdə tutulmamışdırsa) icra edilməsini, yol verilmiş qanun pozuntularının aradan qaldırılmasını, o cümlədən qanunsuz qərarların ləğv edilməsini, təqsirkar şəxslərin məsuliyyətə cəlb olunmasını Apellyasiya Şurası və dövlətə məxsus olan hüquqi şəxs təmin etməli, nəticəsi barədə Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasına və şikayətçiyə məktub göndərməlidirlər.

  1. Şikayətlərə dair tələblər

5.1. Şikayət yazılı (o cümlədən elektron) formada tərtib edilir. Şikayətdə aşağıdakı məlumatlar göstərilir:

5.1.1. ünvanlandığı qurumun — Apellyasiya Şurasının adı;

5.1.2. şikayətçinin soyadı, adı, atasının adı, yaşayış yeri və ya olduğu yer (hüquqi şəxsin adı və hüquqi ünvanı);

5.1.3. şikayətçinin VÖEN-i;

5.1.4. şikayətin məzmunu və şikayətçinin tələbi (tələbləri);

5.1.5. şikayətin predmeti üzrə bundan əvvəl dövlətə məxsus olan hüquqi şəxsə edilmiş müraciət (müraciətlər) və alınmış cavab (cavablar) barədə məlumatlar;

5.1.6. icraatı təzələmək üçün təkrar şikayətlə müraciət etmək imkanı verən əsaslar;

5.1.7. şikayətə əlavə edilmiş sənədlərin siyahısı.

5.2. Şikayəti müraciət edən fiziki şəxsin özü və ya hüquqi şəxsin rəhbəri, yaxud onların səlahiyyətli nümayəndələri (səlahiyyəti təsdiq edən sənədin əsli və ya surəti şikayətə əlavə edilməklə) imzalayırlar.

5.3. Hüquqi şəxsin təqdim etdiyi şikayətə həmin hüquqi şəxsin möhürü vurulmalıdır. Bu tələb rezident və qeyri-rezident hüquqi şəxslərin nümayəndəlik, filial və idarələrinə də şamil edilir. Bu zaman şikayətlərə müvafiq nümayəndəlik, filial və ya idarənin möhürü vurulur.

5.4. Şikayətin əsaslı olduğunu təsdiq edən sənədlərin (dövlət, qeyri-dövlət və yerli özünüidarəetmə orqanlarından alınmış qərar, akt, rəy, məktub, arayış, qəbz və digər sənədlərin) surətləri şikayətə əlavə edilir.

5.5. Şikayət bu Əsasnamənin 5.1‒5.4-cü bəndlərində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə, şikayət daxil olduqdan sonra 5 iş günü müddətində yol verilmiş nöqsanlar şikayətçinin nəzərinə çatdırılmaqla, işçi qaydada aradan qaldırılır. Həmin nöqsanlar vaxtında aradan qaldırılmadıqda, şikayət baxılmamış saxlanılır və bu Əsasnamənin 5.7-ci bəndinə uyğun olaraq tədbir görülür. Tələb olunan sənədlərin (məlumatların) təqdim edilməsi şikayətçidən asılı olmayan səbəblərə görə mümkün deyilsə, çatışmayan sənədləri (məlumatları) Apellyasiya Şurası əldə edir.

5.6. Apellyasiya Şurasına daxil olmuş müraciət digər dövlət orqanının və ya qurumunun səlahiyyətinə aid olduqda (o cümlədən bu Əsasnamənin 1.8.2-ci yarımbəndində və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 3.2.2-ci maddəsində nəzərdə tutulmuş hallarda) qanunla müəyyən edilmiş qaydada baxılmaq üçün həmin dövlət orqanına və ya qurumuna göndərilir və bu barədə şikayətçiyə yazılı məlumat verilir.

5.7. Apellyasiya Şurasında mahiyyəti üzrə baxılmış şikayətlə bağlı şikayətçiyə qəbul olunmuş qərar, mahiyyəti üzrə baxılmamış müraciətlə bağlı isə müraciət etmiş şəxsə əsaslandırılmış cavab göndərilir.

5.8. Apellyasiya Şurasına şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə verilə bilər. Bu müddətlər üzrlü səbəbdən (şikayətçinin xəstəliyi, ölkənin hüdudlarından kənarda olması və s.) buraxıldıqda, şikayətçinin vəsatətinə əsasən Apellyasiya Şurasının sədri həmin müddəti bərpa edir.

5.9. Apellyasiya Şurası daxil olmuş şikayətlə bağlı zəruri məlumatları və sənədləri əldə etmək üçün aidiyyəti dövlət və yerli özünüidarəetmə orqanlarına sorğu verə bilər. Məlumatların sorğuda müəyyən edilmiş müddətdə təqdim olunmaması və ya natamam təqdim olunması Apellyasiya Şurasının fəaliyyətinə maneə kimi qiymətləndirilir.

  1. Apellyasiya Şurasının iclasının keçirilməsi qaydası

6.1. Apellyasiya Şurasının iclası onun üzvlərinin azı üçdə ikisi iştirak etdikdə baş tutmuş sayılır.

6.2. Apellyasiya Şurasının iclası şikayət baxılmaq üçün hazır olduqda, habelə Apellyasiya Şurası sədrinin və ya digər üzvünün təşəbbüsü ilə keçirilir.

6.3. Apellyasiya Şurasının hər bir iclasının reqlamentini, müzakirə olunacaq müraciətlərdən asılı olaraq, Apellyasiya Şurasının sədri müəyyənləşdirir.

6.4. Şikayətçilər (onların səlahiyyətli nümayəndələri) Apellyasiya Şurasının iclasında iştirak etmək hüququna malikdirlər. Apellyasiya Şurasının iclasına dəvət olunmuş dövlətə məxsus olan hüquqi şəxsin, onun strukturuna daxil olan qurumların və tabeliyindəki digər qurumların aidiyyəti vəzifəli şəxsləri, ekspert və mütəxəssislər iclasda iştirak etməlidirlər. Bu bənddə göstərilmiş şəxslərin iclasa gəlməməsi şikayətə baxılma və müvafiq qərar qəbul edilməsi üçün maneə deyildir.

6.5. Apellyasiya Şurasının gündəliyinə daxil edilmiş şikayətlərlə bağlı toplanmış dəlilləri Apellyasiya Şurasının üzvləri müzakirə edir və hər bir məsələyə ayrıca münasibət bildirirlər.

6.6. Apellyasiya Şurasının iclasında qərarlar açıq səsvermə yolu ilə, iclasda iştirak edən üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda, Apellyasiya Şurası sədrinin səsi həlledici sayılır. Şuranın sədri axırıncı səs verir.

6.7. Apellyasiya Şurasının gündəliyinə daxil edilmiş şikayətlərlə bağlı Apellyasiya Şurasının sədri, digər üzvlərindən biri və ya Katibliyinin rəhbəri məruzə edir.

6.8. Apellyasiya Şurasının iclasında şikayətlə müraciət etmiş şəxslərin səlahiyyətli nümayəndələri iştirak etdikdə, nümayəndənin səlahiyyətini təsdiq edən sənədin əsli (və ya surəti) Katibliyə təqdim olunmalıdır.

6.9. Apellyasiya Şurasının iclasına dəvət olunan şəxslər təkliflər vermək və müvafiq məsələlərə münasibət bildirmək hüququna malikdirlər.

6.10. Apellyasiya Şurasının qərarları barədə məlumatı Katiblik dövlətə məxsus olan hüquqi şəxsin rəsmi internet saytı vasitəsilə yayır, habelə tələb olunan formada “Elektron hökumət” portalındakı “Dövlətə məxsus olan hüquqi şəxslərin apellyasiya şuralarına müraciətlərin elektron qəbulu sistemi”nə daxil edir.

6.11. Apellyasiya Şurasının iclasının və gündəliyinə daxil edilmiş şikayətlərin müzakirəsinin videoçəkilişi həyata keçirilir və ən azı bir il müddətində saxlanılır.

6.12. Apellyasiya Şurasının sədri üzrlü səbəblərlə (məzuniyyət, ezamiyyət, xəstəlik və s.) əlaqədar Apellyasiya Şurasının iclaslarında iştirak edə bilmədikdə, dövlətə məxsus olan hüquqi şəxsin rəhbəri Apellyasiya Şurası sədrinin səlahiyyətlərini öz müavinlərindən birinə, müavin olmadıqda icra orqanının digər üzvünə, o da olmadıqda isə Aparatın rəhbərinə həvalə edir.

6.13. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci və 43-cü maddələrində nəzərdə tutulmuş hallarda şikayətçi iş üzrə qərar qəbul olunanadək Apellyasiya Şurasının hər hansı üzvünə, ekspertə və ya mütəxəssisə etiraz edə bilər.

6.14. Etiraz barədə ərizə yazılı formada verilməli və əsaslandırılmalıdır. Apellyasiya Şurasının üzvünə etiraz barədə ərizəyə həmin üzvün iştirakı olmadan baxılır, sadə səs çoxluğu ilə müvafiq qərar qəbul edilir və nəticəsi barədə şikayətçiyə məlumat verilir.

6.15. Şikayət üzrə toplanmış sənədlərin (materialların) ilkin müzakirəsi üçün Apellyasiya Şurası üzvlərinin iştirakı ilə hazırlıq iclasları keçirilə bilər.

  1. Apellyasiya Şurasının iclas protokollarına və qəbul etdiyi qərarlara dair tələblər

7.1. Apellyasiya Şurasının iclasının nəticəsi Apellyasiya Şurası sədrinin və Katiblik rəhbərinin imzaladıqları iclas protokolunda əks olunmaqla rəsmiləşdirilir.

7.2. Apellyasiya Şurasının iclas protokolunda aşağıdakılar göstərilməlidir:

7.2.1. iclasın keçirildiyi tarix və yer;

7.2.2. iclasa sədrlik edən və iclasda iştirak edən Apellyasiya Şurası üzvlərinin, Katibliyin rəhbərinin, dəvət edilmiş digər şəxslərin və (və ya) onların səlahiyyətli nümayəndələrinin adları, soyadları və atalarının adları;

7.2.3. gündəliyə daxil edilmiş şikayətin predmeti, qısa məzmunu və əsasları;

7.2.4. gündəliyə daxil edilmiş şikayətin predmeti üzrə daha əvvəl qəbul edilmiş qərarlar və həmin qərarların əsasları;

7.2.5. Apellyasiya Şurasının iclasında iştirak edən şəxslərin çıxışları;

7.2.6. daxil olmuş şikayətlə bağlı Apellyasiya Şurasının topladığı sübutlar, gəldiyi nəticələr, aidiyyəti hüquqi aktlara istinad;

7.2.7. səsə qoyulan təkliflər, səsvermənin nəticəsi və Apellyasiya Şurasının qəbul etdiyi qərar.

7.3. Apellyasiya Şurası dövlətə məxsus olan hüquqi şəxsin qərarına, digər hərəkət və ya hərəkətsizliyinə dair şikayət üzrə aşağıdakı qərarlardan birini qəbul edir:

7.3.1. qərar dəyişdirilmədən saxlanılsın;

7.3.2. qərar tamamilə və ya qismən ləğv edilərək, yeni qərar qəbul edilsin;

7.3.3. qərar dəyişdirilsin;

7.3.4. şikayət digər hərəkət və ya hərəkətsizlikdən verilmişdirsə, həmin hərəkət və ya hərəkətsizlik qanuni və ya qanunsuz hesab edilsin (sonuncu halda müvafiq hərəkəti etmək vəzifəsi dövlətə məxsus olan hüquqi şəxsin üzərinə qoyulmaqla);

7.3.5. şikayət üzrə icraata xitam verilsin.

7.4. Bu Əsasnamənin 7.3-cü bəndində nəzərdə tutulmuş qərar qəbul edilərkən, şikayətin məzmunundan və işin hallarından asılı olaraq, qərarda aşağıdakı məsələlər də öz əksini tapmalıdır:

7.4.1. şikayətin təmin edildiyi;

7.4.2. şikayətin qismən təmin edildiyi;

7.4.3. şikayətin təmin edilmədiyi;

7.4.4. şikayətin aidiyyəti dövlət orqanına və ya qurumuna baxılmaq və nəticəsi barədə Apellyasiya Şurasına və şikayətçiyə məlumat verilmək üçün göndərildiyi.

7.5. Şikayət bu Əsasnamənin 1.7-ci və 1.8-ci bəndləri ilə müəyyən edilmiş qaydada daxil olduqda, Apellyasiya Şurasının qəbul etdiyi qərarda şikayətin araşdırılması vəzifəsinin dövlətə məxsus olan hüquqi şəxsin, onun strukturuna daxil olan qurumların və tabeliyindəki digər qurumların üzərinə qoyulması qadağandır.

7.6. Apellyasiya Şurasının qərarı əsaslandırılmış şəkildə tərtib olunmalı və işin bütün hallarını özündə əks etdirməlidir. Qərar giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrindən ibarətdir və həmin hissələrdə aşağıdakı məlumatlar qeyd edilir:

7.6.1. giriş hissəsində Apellyasiya Şurasının qərarının qəbul edildiyi tarix və yer, bu Əsasnamənin 7.2.2-ci yarımbəndində qeyd olunan məlumatlar, şikayətin predmeti və irəli sürülən tələblər;

7.6.2. təsviri hissədə şikayət edən şəxsin təqdim etdiyi dəlillər, şikayətin predmeti üzrə əvvəllər qəbul edilmiş qərarlar (digər hərəkət və ya hərəkətsizliklər) və onların qısa məzmunu, əsasları, habelə işdə iştirak edən şəxslərin izahatları;

7.6.3. əsaslandırıcı hissədə Apellyasiya Şurasının əldə etdiyi sübutlar və topladığı sənədlər barədə məlumatlar, aidiyyəti hüquqi aktlara istinadlar;

7.6.4. nəticə hissəsində Apellyasiya Şurasının qəbul etdiyi qərar, qərarın icrasına dair göstəriş və qərardan şikayət verilməsi qaydası.

7.7. Şikayətçi Apellyasiya Şurasının qərarından Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasına şikayət verə bilər.

7.8. Apellyasiya Şurasının qərarının əslinin şikayətçiyə göndərilməsi və ya rəsmi təqdim edilməsi, habelə tələb olunduğu halda qərarın surətinin və ya elektron variantının Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasına göndərilməsi məcburidir. Apellyasiya Şurasının qərarlarının və məktublarının aidiyyəti üzrə göndərilməsini Katiblik təşkil edir.

7.9. Apellyasiya Şurasının qərarı qəbul edildiyi andan qüvvəyə minmiş hesab olunur.

7.10. Apellyasiya Şurasının iclası zamanı bu Əsasnamənin 1.8-ci bəndində nəzərdə tutulan hallardan biri müəyyən edilərsə, Apellyasiya Şurası şikayət üzrə icraata xitam verilməsinə dair qərar qəbul edir.

7.11. Apellyasiya Şurasının qərarı dövlətə məxsus olan hüquqi şəxsə, onun strukturuna daxil olan quruma və ya tabeliyindəki digər quruma daxil olduqdan sonra onlar qərarı bir ay müddətində (qərarda ayrı müddət nəzərdə tutulmamışdırsa) icra edərək nəticəsi barədə Apellyasiya Şurasına və şikayətçiyə rəsmi məlumat verməlidirlər.

7.12. Dövlətə məxsus olan hüquqi şəxs, onun strukturuna daxil olan qurum və ya tabeliyindəki digər qurum bu Əsasnamənin 7.11-ci bəndində nəzərdə tutulmuş müddətdə Apellyasiya Şurasının qərarını yerinə yetirməzsə və ya natamam yerinə yetirərsə, yaxud Apellyasiya Şurasına və şikayətçiyə zəruri məlumat və təsdiqedici sənədlər təqdim etməzsə və ya natamam təqdim edərsə, belə hal bu Əsasnamənin və icra intizamının pozulması kimi qiymətləndirilir.

şuranın tərkibi

“Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyəti sədrinin 2019-cu il 16 may tarixli 334/üm nömrəli əmri ilə təsdiq edilmişdir

“Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin Apellyasiya Şurasının tərkibi

Şuranın sədri:
İslam Musayev — İdarə Heyəti Sədrinin birinci müavini

Şuranın üzvləri:
İlham Quliyev – Hüquq Departamentinin direktoru
Elmar Ələkbərov – Daxili Nəzarət Departamentinin direktoru  
Habil Cavadov – Problemli Kreditlər Departamentinin direktoru 
Kamran Axundov — Korporativ Bankçılıq Departamentinin direktoru 
Natiq Cəfərov – Bank Təhlükəsizliyi Departamentinin direktoru 
Vüqar Bayramov – İnsan Resursları Departamentinin direktoru

katibliyin tərkibi

“Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyəti sədrinin 2019-cu il 16 may tarixli 334/üm nömrəli əmri ilə təsdiq edilmişdir

“Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin Apellyasiya Şurasının Katibliyinin tərkibi

Katibliyin rəhbəri:
Pərviz Məlikov — İdarə Heyəti Sədrinin Aparat rəhbəri

Katibliyin üzvləri:
Anar Məsimli – Hüquq Departamentinin baş hüquqşünası
Rauf Ağayev – Mətbuat katibi

məlumat

Apellyasiya Şurası tərəfindən qəbul edilmiş qərarlar, habelə yarımillik və illik hesabatlar əks olunacaq.

əlaqə

ünvan: AZ 1078, Bakı şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 85, 192/193
telefon:
945;  (012) 404 14 45
faks:
 (012) 599 10 08
email: [email protected]