Korrupsiya müasir dövrdə cəmiyyətlərin hüquqi, sosial və iqtisadi inkişafına ciddi maneə törədən, dövlət idarəçiliyində şəffaflığı və ədaləti zədələyən ən təhlükəli hüquqpozmalar sırasındadır. Bu mənfi hal adətən vəzifəli şəxslərin səlahiyyət və mövqelərindən sui-istifadə etməklə şəxsi və ya üçüncü şəxslərin maraqları naminə maddi və ya qeyri-maddi fayda əldə etmələri ilə müşahidə olunur.
Azərbaycan Respublikasında korrupsiya ilə mübarizə dövlət siyasətinin əsas istiqamətlərindən biri olaraq müəyyən edilmişdir. 2022–2026-cı illəri əhatə edən Milli Fəaliyyət Planı bu sahədə aparılan tədbirləri sistemləşdirir və bütün dövlət qurumları qarşısında konkret vəzifələr müəyyən edir. Qanunvericiliyə əsasən, korrupsiya anlayışı vəzifəli şəxslərin və ya digər şəxslərin maddi və ya s. nemətlər, imtiyazlar və ya güzəştləri qanunsuz olaraq tələb etməsi, alması, təklif etməsi və ya bu cür hərəkətlərdə vasitəçilik etməsi halları ilə izah olunur. Korrupsiya ilə əlaqədar hüquqpozmalar iki əsas qrupa bölünür: bilavasitə korrupsiya hüquqpozmaları və korrupsiyaya şərait yaradan hüquqpozmalar. Bilavasitə korrupsiya hüquqpozmalarına vəzifəli şəxslərin maddi və digər nemətlər müqabilində səlahiyyətlərindən sui-istifadə etmələri, rüşvət almaları və ya rüşvət təklifinə razılaşmaları daxildir. Digər tərəfdən, korrupsiyaya şərait yaradan hüquqpozmalar daha çox dolayı və institusional xarakter daşıyır. Məsələn, vəzifəli şəxsin əlavə vəzifə tutması, sahibkarlıq fəaliyyəti ilə qanunsuz məşğul olması, yaxud yaxın qohumlarını tabeliyində işə qəbul etməsi bu kateqoriyaya daxildir.Korrupsiya ilə mübarizə sahəsində ixtisaslaşmış əsas qurum Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasıdır. Komissiya dövlət siyasətinin formalaşdırılmasında iştirak edir, digər dövlət orqanlarının fəaliyyətini əlaqələndirir, korrupsiya ilə bağlı məlumatları toplayır və təhlil edir. Eyni zamanda, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi korrupsiya cinayətlərinin istintaqı və təqibində mühüm rol oynayır.
Korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri yalnız dövlət qulluqçuları ilə məhdudlaşmır. Seçilmiş şəxslər, yerli özünüidarəetmə orqanlarının nümayəndələri, dövlət və ya dövlətə məxsus müəssisələrin rəhbərləri, habelə öz şəxsi nüfuz və əlaqələrindən istifadə edərək qanunsuz üstünlüklər əldə edən fiziki və hüquqi şəxslər də bu hüquqpozmaların subyekti hesab olunurlar. Qanunvericiliklə müəyyən edilmiş korrupsiya hüquqpozmalarına görə müxtəlif növ məsuliyyət nəzərdə tutulur. Bu məsuliyyət intizam, mülki-hüquqi, inzibati və cinayət məsuliyyəti formasında tətbiq edilə bilər. Cinayət xarakteri daşımayan hallarda inzibati cərimələr tətbiq olunur. Cinayət tərkibli korrupsiya hallarında isə cəzalar həbs, əmlak müsadirəsi və digər cinayət-hüquqi tədbirlərlə müşahidə olunur. Vəzifəli şəxslərin hədiyyə qəbul etməsi də ciddi şəkildə tənzimlənmişdir. Azərbaycan qanunlarına əsasən, bir il ərzində eyni və ya fərqli şəxslərdən ümumilikdə 55 manatdan artıq dəyəri olan hədiyyələrin qəbul edilməsi qadağandır. Bu məhdudiyyət, vəzifə səlahiyyətlərindən sui-istifadə riskini azaltmaq məqsədi daşıyır. Korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumat verən şəxslərin qorunması da mühüm əhəmiyyət kəsb edir. Məlumat verən şəxsin kimliyi onun razılığı olmadan açıqlana bilməz. Əks halda bu şəxslərə və onların yaxınlarına qarşı qisas xarakterli tədbirlər görmək qadağandır. Belə halların qarşısının alınması üçün qanunvericilikdə “şəxsin konfidensiallığı” və “təhlükəsizlik tədbirləri” kimi hüquqi mexanizmlər nəzərdə tutulmuşdur.